Search for a command to run...
Dənizdə yerləşən stasionar və özüqalxan platformaların struktur davamlılığı buz, dalğa və təməl-qurğu qarşılıqlı təsiri kimi deqradasiya faktorlarına qarşı kritik əhəmiyyət daşıyır. Sabit platformalarda, çökmə nəticəsində hava boşluğunun azalması dalğanın göyərtəyə daxil olmasına səbəb olur ki, bu da RSR (Ehtiyat dayanıqlıq əmsalı) dəyərinin həddindən artıq qiymətləndirilməsinin qarşısını almaq üçün yenidən hesabatı zəruri edir. Bu yenilənmiş RSR dəyərləri platformanın sıradan çıxma ehtimalının yüksəldiyini göstərir. Eyni zamanda, özüqalxan platformalarda böyük dalğa hündürlükləri altında platforma, qüllə və dəniz dibi təməllərinin kompleks qarşılıqlı təsiri fiziki model üzərində dalğa kanalında tədqiq edilmişdir. Nəticələr dalğaların təsiri ilə təməl qazıqlarının ətrafında qruntun yumşalmasını və vibrasiyanın amortizator elementləri tətbiq etməklə effektiv idarə oluna biləcəyini göstərir. Buz yüklərinin dominant olduğu bölgələrdə isə konusvarı buzqıran qurğuların betonla gücləndirilməsi horizontal buz təzyiqini və gərginlik səviyyəsini əhəmiyyətli dərəcədə azaldır (gərginlik baz modelə nisbətən 3.7 dəfə, deformasiya isə 20 dəfə azalır). Bu tədqiqatın əsas məqsədi müxtəlif növ dəniz platformalarının davamlılığını qiymətləndirmək üçün bu fərqli yüklərin (buz, dalğa, külək) və qurğu-təməl əlaqəsinin mövcud nəticələrini birgə (kombinə) təsir ssenarisi altında nəzəri müqayisə etməkdir. Aparılan təhlil göstərir ki, fərdi müdafiə sistemləri kombinə olunmuş yüklər altında yeni qiymətləndirmə tələb edir. Əldə edilən nəticələr, yüksək hidrodinamik və buz yüklərinin eyni anda mövcud olduğu regionlarda struktur risklərin idarə edilməsi üçün əsaslı nəzəri baza təmin edir. Açar sözlər: Dəniz Platformaları, Struktur Davamlılığ, Buz Yükləri, Dalğa Yükləri, Kombinə Təsir, Təməl-Qurğu Qarşılıqlı Təsiri, Konusvarı Buzqıran.